I. Ümumi müddəalar

1.Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə və qüvvədə olan normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanmışdır və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin (bundan sonra - Mərkəz) Ümumi şöbəsinin (bundan sonra – şöbə) əsas fəaliyyət istiqamətlərini, vəzifələrini, habelə işinin təşkili qaydalarını və işçilərin məsuliyyətini müəyyən edir.

2.Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,            Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarını, Komitə sədrinin qərar, əmr və sərəncamlarını, Mərkəzin direktorunun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.   

3.Şöbə Mərkəzin struktur bölməsi olmaqla Mərkəzin direktoruna tabedir və öz işini Mərkəzin digər struktur və zona bölmələri ilə qarşılıqlı əlaqədə qurur.



II. Şöbənin əsas fəaliyyət istiqamətləri

4.   Şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

4.1. Mərkəzin qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin edə biləcək kadrların seçilib yerləşdirilməsi istiqamətində tədbirlər görmək;

4.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa və dövlət qulluğunu tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq dövlət qulluğu ilə bağlı məsələləri həll etmək;

4.3. dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi işini təşkil etmək;

4.4. kadr və kadr hazırlığı, öz xidməti vəzifələrinin öhdəsindən gələ bilməyən kadrların vəzifəsində qalıb-qalmaması barədə rəhbərlik qarşısında məsələ qaldırmaq;

4.5. Mərkəzin aparatında və zona bölmələrində kargüzarlıq və arxiv işinin təşkili, aparılması və ona nəzarətin həyata keçirilməsi sahəsində tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;

4.6. Mərkəzin və zona bölmələrinin fəaliyyətinə, özəlləşdirmə prosesinə və dövlət əmlakının idarə edilməsinə dair informasiya-metodiki təminatı həyata keçirmək;

4.7. hərraclar haqqında və hərracların nəticələri barədə məlumatların kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək, bu məqsədlə materiallar hazırlamaq;

4.8. mətbuatla və ictimaiyyətlə əlaqələri təmin etmək;

4.9.Mərkəzin internet saytı üçün informasiyaların işlənməsi və hazırlanmasında iştirak etmək və bununla bağlı digər tədbirləri həyata keçirmək;

4.10. Mərkəzdə struktur bölmələrin maddi-texniki təminatının, vəsait və avadanlıqların istifadəsinin, qorunub saxlanılmasının təşkilini, habelə Mərkəzin inzibati binasının mühafizəsi sahəsində tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;

4.11. Mərkəzin aparatının və zona bölmələrinin inzibati binalarında yenidənqurma, əsaslı və cari təmirlərin aparılması məqsədilə həyata keçirilən işlərin icrasına nəzarət etmək.



III. Şöbənin əsas vəzifələri

5.Şöbənin əsas fəaliyyət istiqamətlərindən irəli gələn aşağıdakı vəzifələri vardır:

5.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və dövlət qulluğunu tənzimləyən digər qanunvericilik aktlarına uyğun olaraq dövlət qulluğu, işə qəbul, işçilərin seçilib yerləşdirilməsi, işdən azad edilməsi, bir vəzifədən başqasına keçirilməsi ilə bağlı təklifləri hazırlayıb təqdim etmək;

5.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Mərkəzdə inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq qiymətləndirilməsini təşkil etmək;

5.3. işçilərə ixtisas dərəcələrinin verilməsi ilə bağlı təkliflər vermək;

5.4. məzuniyyət cədvəllərinin tərtib olunması və işçilərə məzuniyyət verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsini təmin etmək;

5.5. işçilərin əmək kitabçalarının doldurulmasını, onların uçotunun aparılmasını və saxlanılmasını təmin etmək;

5.6. işçilərin mükafatlandırılması və həvəsləndirilməsi məqsədi ilə təkliflər hazırlamaq;

5.7. işçilərin şəxsi işlərini tərtib etmək, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişikliklər və əlavələr etmək;

5.8. hərbi qeydiyyat və təxsisləmə işlərini aparmaq;

5.9. Mərkəzin aparatının və zona bölmələrinin kargüzarlıq və arxiv işinin təşkil olunmasını, Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sisteminin tətbiqini təmin etmək; 

        5.10. Mərkəzə müxtəlif təşkilatlardan, vətəndaşlardan daxil olan sənədlərin, ərizə, təklif və şikayətlərin vaxtında icra edilməsinə nəzarət etmək, qəbul edilmiş əmr, sərəncam və qərarların icrasına nəzarət edilməsini təmin etmək;

5.11. Mərkəzdə təsdiq olunmuş qrafik əsasında vətəndaşların qəbul edilməsini həyata keçirmək;

5.12. Mərkəzdə keçirilən tədbirlərin təşkilinə və hazırlanmasına dair təkliflər vermək;

5.13. Mərkəzə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək;

5.14. Mərkəzə müxtəlif təşkilatlardan və vətəndaşlardan daxil olan xidməti sənədlərə, təklif, ərizə və şikayətlərə və elektron müraciətlərə baxılması və onların cavablandırılmasını təşkil etmək;

5.15. Mərkəzin fəaliyyəti ilə bağlı sənədlərin arxivə təhvil verilməsini və qorunub saxlanılmasını təmin etmək;

        5.16. səhmdar cəmiyyətlərin səhmlərinin satışı üzrə keçirilən güzəştli satışın, ixtisaslaşdırılmış pul və pul hərraclarının yekun sənədlərinin Milli Depozit Mərkəzinə göndərilməsini təmin etmək;          

5.17. hərraclar vasitəsilə satışa çıxarılan əmlakın təbliği və təşviqat  işinin  təşkili, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın həyata keçirilməsi sahəsində Mərkəzin fəaliyyəti barəsində əhaliyə kütləvi informasiya vasitələri ilə zəruri məlumatlar vermək;

5.18. Mərkəzin müvafiq struktur qurumları tərəfindən təqdim edilən materiallar üzrə kütləvi informasiya vasitələrində və xüsusi nəşrlərdə özəlləşdirilən müəssisələr haqqında məlumatları dərc etdirmək;

5.19. elektron qaydada təqdim olunmuş sifarişlər barədə məlumatları aidiyyəti üzrə təqdim etmək;

5.20. özəlləşdirmənin gedişi və keçirilən hərraclarda şəffaflığın və aşkarlığın təmin olunması məqsədilə elektron xidmətlərin tətbiq olunması barədə müntəzəm olaraq kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransları, brifinqlər və digər tədbirlərin keçirilməsini təşkil etmək;

5.21. Mərkəzin fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrindəki məlumatları təhlil etmək, bununla bağlı zəruri məlumatların aidiyyəti üzrə təqdim olunmasını təmin etmək;

5.22. Mərkəzdə və zona bölmələrində onların fəaliyyətinə dair müntəzəm olaraq məlumatları əldə etmək;

5.23. Mərkəzin fəaliyyətini Komitənin digər struktur bölmələri, strukturuna daxil olan və tabeliyində olan qurumlarla əlaqələndirmək;

5.24. qanunvericiliyə uyğun olaraq hərraclar və hərracların nəticələri haqqında məlumatların Komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunmasını və internet saytında yerləşdirilməsini təmin etmək;

5.25. Mərkəzin aparatının və zona bölmələrinin binalarının, inventarlarının, avadanlıqlarının, qurğularının istismarını, saxlanılmasını, təmirini və qorunmasını təmin etmək;

 5.26. Mərkəzin aparatının və zona bölmələrinin səmərəli işləməsi üçün əməkdaşlara lazımi şərait yaradılmasını təmin etmək, iş yerlərinin mebel, rabitə və texniki vəsaitlərlə təchiz edilməsi məsələlərini həll etmək;   

 5.27. Mərkəzin aparatının, zona bölmələrinin inzibati binalarının və anbarının mühafizəsi, tikinti, yenidənqurma, əsaslı və cari təmir, abadlıq, təchizat işlərinin aparılmasını, Mərkəzin aparatında olan xidməti avtomobillərin istismara yararlı vəziyyətdə saxlanmasını təşkil etmək;

 5.28. Mərkəzin aparatının və zona bölmələrinin əsas vəsaitlərinin inventarlaşdırılmasının vaxtaşırı həyata keçirilməsini təmin etmək;

 5.29. Mərkəzin aparatının və zona bölmələrinin təchizatla bağlı tələblərini öyrənmək, proqnozlaşdırmaq, müasir avadanlıqlar və digər texniki vasitələrlə təmin edilməsi məqsədilə Mərkəzin rəhbərliyinə təkliflər vermək;

 5.30. müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə  keçən əmlakların anbara qəbul edilməsini və qorunub saxlanılmasını  təmin etmək.

 5.31. Çağrı mərkəzinə vətəndaşlardan daxil olan araşdırılmaya qəbul edilmiş müraciətlərin müəyyən edilmiş qaydada və mahiyyəti üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq cavablandırılmasını təmin etmək;

  5.32. Mərkəzin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin təşkili və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, təqdim edilən elektron xidmətlərin göstərilməsinə dair məlumatlar əsasında hesabatların hazırlanmasını təmin etmək;

  5.33. Mərkəzin struktur və zona bölmələrinin fəaliyyətinin optimallaşdırılması ilə bağlı monitorinqlərin aparılmasını, təhlillər aparılaraq təkliflərin rəhbərliyə təqdim edilməsini təmin etmək;

  5.34. Mərkəzin struktur və zona bölmələrinin fəaliyyəti ilə bağlı zəruri dövri hesabatların və məlumatların qəbul olunması, emalı, təhlili və icmallaşdırılmasının həyata keçirilməsini, hazırlanmış məlumatların rəhbərliyə çatdırılmasını təmin etmək.

 

IV. Şöbənin işinin təşkili

6.Şöbə Komitə sədrinin əmri ilə yaradılır və ləğv edilir.

7.Şöbəyə Komitə sədri tərəfindən vəzifəyə təyin edilən şöbə müdiri rəhbərlik edir.

8.Şöbə müdiri aşağıdakı məsələlərin həllini təmin edir:

8.1. Şöbənin qarşısında qoyulmuş vəzifələrin icrasını təmin edir;

8.2. şöbənin işinə rəhbərlik edir;

8.3. şöbənin işçiləri tərəfindən əmək intizamına və öz vəzifələrinin vaxtında və düzgün icra edilməsi üzərində nəzarəti həyata keçirir;

8.4. şöbənin işçilərinə göstəriş və tapşırıqlar verir;

8.5. şöbənin işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması barədə təkliflər verir;

8.6. rəhbərliyin yanında keçirilən tədbirlərdə  və digər tədbirlərin keçirilməsi zamanı şöbəni təmsil edir;

8.7. şöbənin işçiləri arasında iş bölgüsü aparır.

8-1. Şöbənin tərkibinə Analitik informasiya sektoru daxildir.

 

 

V.Şöbə işçilərinin məsuliyyəti

9.Şöbə müdiri onun qarşısında qoyulmuş vəzifələrin vaxtında və tam icrasına görə şəxsən məsuliyyət daşıyır.

  Sektor müdiri müəyyən edilmiş istiqamət üzrə sektorun qarşısında qoyulmuş vəzifələrin icrasına görə şəxsən məsuliyyət daşıyır.

10.Şöbənin hər bir işçisi hazırladığı, ekspertizadan keçirdiyi və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarına, Komitə sədrinin qərar, əmr və sərəncamlarına, Mərkəz direktorunun əmrlərinə uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.