Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 69 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ildə də dövlət əmlakının özəlləşdirilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.

Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində 31 hərrac keçirilib. Hərraclarda 8 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi və 303 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin 7 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 167 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 35 onlayn qoşulma reallaşıb. 2023-cü ilin yanvar-iyul ayları ərzində hərrac vasitəsilə 28 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 69 milyon manat təşkil edib. Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb.