Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın hərraca çıxarılması və hərracda satılması barədə 
                                                                                                          TƏLİMAT

1.Ümumi müddəalar

1.1. Bu təlimat “ Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 № -li Fərmani ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na, “ Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.04.2002-ci il tarixli 69 № -li Qərarının 4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə haırlanmışdır. 
1.2.. Bu təlimat aşağıda göstərilən əmlakın (bundan sonra əmlak);

  1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlak ;
  2. Qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən əmlak;
  3. Vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlak ;

1.3 Bu təlimatda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları» ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
1.4. Bu Təlimatın 1.2.-ci bəndində göstərilən əmlakın satışı mülki qanunvericiliklə müəyyən olunmuş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Auksion Mərkəzi vasitəsi ilə, bütün növ qiymətli kağızların satışı isə fond birjası vasitəsi ilə həyata keçirilir. 


2. Əmlakın hərraca çıxarılması və satılması.

2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Məhkəmə İcraçısından müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlaklar barədə məlumat daxil olduqca, həmin əmlakların hərraclar vasitəsilə satışının həyata keçirilməsi məqsədilə təhvil götürülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət edir.
Müsadirə edilmiş, dövlət mülkiyyətinə keçən əmlakın yenidən qiymətləndirilməsi zərurəti yarandıqda, Maliyyə Nazirliyi “ Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları”nın 2.2-ci bəndində göstərilən tədbirlərin həyata keçirilməsi nəticəsində əldə edilmiş materialları hərracın təşkilatçısına təqdim edir.
2.2. Respublika Auksion Mərkəzi tərəfindən hərracın keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin və Vergilər Nazirliyinin nümayəndələrindən ibarət 5 nəfərlik tərkibdə daimi komissiya yaradılır. Komissiyanın sədri İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri sırasından təyin edilir.
2.3. Təşkilatçı hərraca çıxarılan əmlak haqqında hərrac gününə ən azı 30 gün qalmış kütləvi informasiya vasitələrində hərracın keçirilmə forması, əmlakın tam adı, miqdarı, hüquqi ünvanı və ya yerləşdiyi ünvan, start qiyməti, sifarişlərin qəbulunun başlanma və başa çatma tarixləri, sifariş sə sənəd qəbulu məntəqələrinin ünvanları, hərracda iştirak etmək üçün sifarişçilərin sifariş ilə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsi üçün irəli sürülən tələblər, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı, əmlakın start qiymətinin 10 faizi həcmində behin məbləği ve behin köçürülməsi üçün müvafiq bank hesabı, digər məlumatları almaq qaydasıni əks etdirən elan dərc etdirir. 
2.4. Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın başlanmasına ən geci 3 (üç) bank günü qalanadək təqdim etmiş, müəyyən edilmiş qaydada beh ödəmiş fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.
2.5. Hərracda iştirak etmək üçün verilən sifarışə behin ödənilməsini təsdiq edən ödəmə sənədinin surəti, hüququ şəxslərin nizamnaməsinin və qeydiyyat şəhadətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətləri, fiziki şəxslər üçün isə şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmalıdır.
Sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, o, özünün sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir.
2.6. Sifarış və ona əlavə edilmış sənədlər təşkilatçı tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılan şəxslərə onların hərracda iştirak etmə nömrəsi və satışa çıxarılan əmlakın adı əks olunan bilet verilir.
2.7 Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə və ya əmlak satılmadıqda, üçüncü hərracda əmlakın ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Bu qaydada satılmayan əmlakın aidiyyəti təşkilatların balansına verilməsi barədə İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təqdimatla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir.
Hərracda satılmayan əmlakın təyinatı üzrə verilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin göstərişinə əsasən həmin əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada 15 gün ərzində əvəzsiz olaraq müvafiq təşkilata təqdim olunur. 
2.8 Hərracın nəticələri komissiya üzvləri və hərracın qalibi tərəfindən imzalanan hərrac protokolu ilə rəsmiləşdirilir. Bu protokol müqavilə qüvvəsinə malikdir.
Protokolda həmin əmlakın saxlanılması, satışı, qiymətləndirilməsi, əyarlanması və ekspertizadan keçirilməsi ilə bağlı xərclər öz əksini tapır.
2.9 Hərracların baş tutmadığı hallarda bu barədə protokol tərtib olunur.
2.10 Hərracın keçirilməsinin nəticələri barədə tərtib olunmuş protokolun bir surəti Maliyyə Nazirliyinin nümayəndəsinə təhvil verilir.
2.11 Bu Təlimatın 1.2-ci bəndində göstərilən əmlakın satışından daxil olan vəsaitlər (qaçaq malların satışından daxil olan məbləğlər istisna olmaqla) həmin əmlakın saxlanılması, satışı, qiymətləndirilməsi, əyarlanması və ekspertizadan keçirilməsi ilə bağlı xərclər çıxmaqla, 3 (üç) iş günü müddətində dövlət büdcəsinə köçürülür.
Ödəniş sənədinin bir nüsxəsi hərracın keçirilməsinin nəticələri barədə Maliyyə Nazirliuinə təqdim olunan protokola əlavə edilir. 
2.12. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda hərracdan əvvəl ödənilmiş beh öhdəliklərin icrası hesabına aid edilməklə əmlaklın satışı ilə əlaqədar dövlət büdcəsinə ödənilən məbləğə daxil edilir.
2.13. Əmlakın saxlanılması, satışı, qiymətləndirilməsi, əyarlanması və ekspertizadan keçirilməsi ilə bağlı xərclər 3 (üç) iş günü müddətində hərracın nəticələri barədə protokolda göstərilən hesablara ödənilməlidir.
2.14. Hərracın qalibi hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamaqdan boyun qaçırdıqda, habelə əmlakın dəyəri göstərilən müddətdə ödənilmədikdə hərracın nəticələri ləğv olunur və ödənilmiş beh hərracı udmuş şəxsə qaytarılmır. Hərrac keçirilmədikdə, habelə hərracın digər iştirakçıları, beh ödənilməsinə baxmayaraq hərracda iştirak etməmiş şəxslər tərəfindən ödənilmiş beh təşkilatçı tərəfindən təqdim olunmuş siyahı əsasında ödəyicinin tələbi ilə 10 (on) bank günü müddətində qaytarılır.
Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
2.15. Hərracın keçirilməsi barədə eıanda ayrı qayda nəzərdə tutulmayıbsa, elan verən hərrac təşkilatçısı hərracı keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən gec üç gün qalmış imtina edə bilər.
Hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.
2.16. Bütün növ qiymətli kağızların fond birjası vasitəsi ilə satışı müəyyən edilmiş qaydalara riayət olunmaqla həyata keçirilir.

3.Satılmış əmlakın mülkiyyət hüququnun rəsmiləşdirilməsi

3.1. Hərracda satılan əmlak daşınmaz əmlka olduqda hərrac qaliblərinin mülkiyyət hüququ İqtisai İnkişaf Nazirliyi tərəfindən şəhadətnamə ilə rəsmiləşdirilir (Forma №1 əlavə olunur). Hərracda satılan nəqliyyat vasitələri alıcının adına müvafiq orqanlarda İqtisadi İnkişaf Nazirliyinin müraciəti əsasında rəsmiləşdirir.
3.2. Hərraclar vasitəsi satılmış əmlakın hərracın qalibinə təhvil verilməsi satıcı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Qəbul-təhvil aktı” və “Qaimə-faktura” əsasında həyata keçirilir.
“Qəbul-təhvil aktı” və “Qaimə-faktura”ların surəti Maliyyə Nazirliyinə təqdim olunur.
3.3. Əmlakın qəbul-təhvil edilməsinin uçotu “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlık hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

 

4. Məsuliyyət

4.1.Bu Təlimatın tələblərinin pozulması qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur.